Nuridə Atəşi
Nuridə Atəşi (Qədirova) və ya Nuridə Atəşi — Məşhur azərbaycanlı yazar, Qafqazın arxeologiyası və tarixi üzrə ixtisaslaşmış alim, pedaqoq və tarixçi. Almaniyada N.Gəncəvi adına Mədəniyyət İnstitutunun direktoru, Almaniya Jurnalistlər İttifaqının "Berlin bərabər imkanlar" komitəsinin sədr müavini, Alman-Azərbaycan Dostluq və Mədəniyyət Cəmiyyətinin sədri və Almaniya Jurnalistlər Birliyinin üzvüdür.
Nuridə Qədirova - Atəşi (22 avqust 1965) Azərbaycanın Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur. 1995-ci ildən Almaniyanın paytaxtı Berlin şəhərində yaşayır.
Nuridə Atəşi 9 yaşından şeirlər yazmağa başlamış, ilk şeiri 1983-cü ildə "Ədəbiyyat" qəzetində nəşr edilmiş və bundan sonra şerlərinin nəşrinə Sovet Azərbaycanında icazə verilməmişdir. Özünə Atəşi təxəllüsü götürərək şerlərini təxəllüs altında yazmağa davam etməyə məcbur olmuşdur. Azərbaycanın tanınmış bəstəkarı Faiq Sücəddinov onun sözlərinə onlarla mahnı bəstələmişdir. Müğənni İlhamə Quliyevanın şairənin sözlərinə ifa etdiyi "Neylərsən" mahnısı Azərbaycanda, Türkiyədə və İranda məşhur olaraq hitə çevrilmişdir. Şairənin şeirlərinə müxtəlif bəstəkarların bəstələdiyi yüzə yaxın mahnılar, Azərbaycanın populyar müğənniləri Brilliant Dadaşova, Səməd Səmədov, Almaz Ələsgərova, Zöhrə Abdullayeva, Zaur Rzayev və başqaları tərəfindən ifa edilir.
1982–1984-cü illərdə Bakı Mədəni-Maarif Texnikumunu fərqlənmə diplomu ilə, 1984–1989-cu illər Ə. Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəniyyətşünaslıq faküləsində təhsil almışdır.